İnternet marketinq savaşlarının növbəti yazısını sizə təqdim edirəm. Bu gün son ilin ən maraqlı və çox şirkət yaranan sahəsinin liderlərini araşdıracam. Bu son vaxtlar dəbə minən taksi xidmətləri bazarıdır. Keçən il sizə deyim ki, hətta elə aylar var idi ki, hər həftə yeni bir servis çıxırdı bu sahədə və hamısı da bir birinə bənzər və eyni sistemli xidməti təklif edirdi. O vaxtda aydın idi ki, bu şirkətlərdən yalnız bir neçəsi bazarda qalacaq və əsas paya sahib olacaq.
Bu gün 4 ən tanınmış, insanlar tərəfindən tövsiyyə olunan və istifadə olunan servisi müqayisə edəcəm.
Uber
189 Taxi
City taxi
Salam taksi
Qeyd edim ki, mən həmişə şirkətləri internet marketinq fəaliyyəti baxımdan müqayisə edirəm. Yəni onların qiyməti, xidmətin keyfiyyəti və digər bu tipli internetdən kənar fəaliyyətini araşdırmıram.
Toxunacağımız araşdırma mövzuları bunlar olacaq.
- Şirkətlərin veb saytı – Şirkətin rəsmi saytının nə qədər rahat, anlaşılan, user-friendly, mobil adaptasiyalı olması, dil seçimi və digər kriteriyalar üzrə qiymətləndirilməsi
- Şirkətlərin rəsmi Facebook və digər səhifələrinin məlumatlılıq, istifadəçilərlər ünsiyyət tezliyi və digər kriteriyalar
- Şirkətlərin mobil applikasiyaları – təqdim olunan mobil applikasiyaların incələnməsi
- Şirkətlərin banner reklamı, kontekst reklam,youtube reklam və digər internet reklamlardan istifadə səviyyəsi
Burada biz 4 şirkətin internet marketinq fəaliyyətini analiz edəcəyik. Yəni şirkətlər internet vasitəsilə özlərini neçə təmsil edirlər, necə reklam edirlər, müştərilərlə necə ünsiyyət qururlar və s. Hər bir kriteriya üzrə şirkətlərə xallar veriləcək və nəticədə hansı şirkətin internet marketinqə daha çox diqqət etdiyini və bu vasitələrdən yararlandığının şahidi olacayıq.
Şirkətlərin veb saytı
İlk öncə şirkətlərin rəsmi saytlarından başlayaq. Və ilk öncə domainlərdən başlayaq yəni saytın adından.
Uber – axtarışda uber.az yazdım amma sayt açılmadı. Beynəlxalq şirkət olduğu üçün .com domainindədir Uber-in saytı. Amma şirkət ən azından 40 manat verib uber.az domaini də alıb əsas sayta yönləndirmə edə bilərdi. Araşdırma zamanı gördüm ki sən demə bu domaini bir vətəndaşımız artıq öz adına alıb və Uber-ə baha qiymətə satmaq istəyir çox düman. Odur ki, Uber-in hələ az domainində rəsmi heç nəyi yoxdur. Uber-in saytına daxil olmaq istəsəniz o zaman www.uber.com yazıb daxil olun.
189 Taxi-nin saytı facebook səhifələrində qeyd etdikləri kimi www.taxibaku.az -dır. Sayta daxil oluruq və maraqlı bir hadisə baş verir. Sayt axtarış hissədə aşağıdakı domain qeyd olunur.
189 Taxi-nin Rusiya şirkəti ilə əlaqəli olduğundan çox güman belə mənzərə yaranır. Amma sayt öz domaini yazılaraq qalsa daha düzgün görüntü olar və etibarlılıq olar.
City taxi – domainle bağlı heç bir problem yoxdur. sayta keçid – http://www.citytaxi.az/az/
Salam Taksi – domainle bağlı problem yoxdur. sayta keçid – http://salamtaxi.az/
Uber və 189 Taxi burada xal qazanmır. Salam Taksi və City Taxi1 xal qazanır.
Saytların user-friendly, mobil adaptasiyalı olması, dil seçimi və digər kriteriyalar üzrə qiymətləndirilməsi
Dostlar bu hissə ən maraqlı hissələrdən biri olacaq odur ki, yerinizi rahat edin və getdik)
Uber – sayta ilk daxil olanda saytın rus dili versiyasında açılır. Öz ana dilimizi tapmaq üçün saytın lap axırına çıxmalısız, yəni aşağıya qədər scroll etməlisiz. Oradan dil seçimindən Azərbaycan dilini seçə bilərsiniz. Mən şəxsən Azərbaycanda xidmət göstərən şirkətin saytının əsas dili – rus dili olduğunu görəndə o şirkətə hörmətim azalır. Çünki bizim dilimizə hörmət etməyən şirkətə mən də hörmət etməyəcəm elə də. Azərbaycan dilinə çevirəndən sonra sayta baxdıqda dizayn xoş baxımlıdır. Amma mətnlər çoxu tam da uyğun və anlaşılan deyil. Misal üçün “Tətbiqetməyə toxunun və səfər əldə edin” Səfər əldə edin bu cümləyə tam da uyğun deyil. Digər dillərdən birbaşa tərcümə olduğu üçün bəzi cümlələr belə alınıb. Saytın əsas dilinin rus dilində olmasına görə Uber-ə burada xal vermirəm.
189 Taksi – 189 Taxi-dən əldə etdiyim məlumata görə onlar hal-hazırda yeni saytları üzərində çalışırlar və növbəti həftələrin birində onu təqdim edəcəklər. Bu baxımdan güman edirəm ki, indiki sayta kifayət qədər diqqət yetirlmir. Amma biz olan nöqsanları qeyd edəcəyik. 189-un saytında bir neçə nöqsan var və ilk baxışdan nəzərə çarpır. Sayt çox güman Ruslar tərəfindən hazırlanıb və loqoya fikir versəz rus dilində “Мотор” sözü yazılıb. Amma 189-un facebookda təqdim etdiyi loqo başqadır.
Saytda olan
Facebookda olan
Ola bilsin loqo-nu yeni hazırlayıblar və sayta hələ yeniləyəməyə imkan olmayıb. Bundan əlavə saytda bəzi söz və söz birləşmələri səhv yazılıb. Görünür saytı redaktə edənlər tərcümə edərkən Azərbaycan dilinə keçid etməyiblər klaviaturada və nəticədə “Taksi Sifarişi” yerinə “Taksı Sıfarışı” və “Saytdan sıfarışı” söz birləşmələri yaranıb. Xırda səhv olsa da xoşagəlməz nüansdır.
Bundan əlavə saytda facebook iconu var yəni şirkətin facebook səhifəsinə işarədir, ancaq ona klik edəndə facebook-da olmayan səhifəyə gedir.
Saytın yaxşı cəhətləri isə onlayn sifarişin olması və birbaşa sayt üzərindən sifarişin mümkünlüyü, applicationlara yönləndirmə linkləri və bütün tariflər saytda qeyd olunur. Bunlar çox vacibdir, şəffaflıq və düzgünlük baxımdan.
City Taxi – Saytın xoş dizaynı var və lazımi məlumatı rahatlıqla tapmaq olur. Sosial şəbəkələrə keçid, tətbiqlərin yüklənməsi, onlayn sifarişin olması, saytın 3 dildə olması və tariflərin qeyd edilməsinə görə bu saytlar arasında ən dolğun uğurlu sayt City Taxi hesab edirəm. 1 xalı burada City Taxi şirkəti qazanır.
Salam Taksi – bu şirkətin saytı haqqında çox yazmayacam. Sadəcə özünüz girib baxın salamtaxi.az saytına. Mənə elə gəlir ki, bu saytı proqlaşdırma öyrənməyə yeni başlayan “sarışın” xanımın düzəltdiyi ilk işdir. 2016-ci ildə yaşayırıq və əgər bir şirkətin belə 1 saytı varsa demək o şirkətlə ümumiyyətlə iş görmək düzgün deyil.
Mobil tətbiqlər
Mobil tətbiqləri ayrıca olaraq detallı müzakirə etməyəcəm çünki buna ayrıca mövzu lazımdır. Sadəcə hansı xidmətin tətbiqinin olduğuna və aktiv olduğuna qiymət verəcəyik. Uber, 189 taxi və City Taxi-nin mobil applikasiyaları olsa da Salam Taksi-də hələ ki bu imkan yoxdur. Yalnız telefon vasitəsilə sifariş etmək olur. Burada Uber, 189 taxi və City Taxi 1 xal qazanır.
Rəsmi facebook səhifələr
Uber səhifəsi qlobal səhifə olduğu üçün onun Azərbaycandan nə qədər üzvü olduğunu görmək olmur facebookdan. Amma socialbakers.com və fanpagekarma.com saytlarının verdiyi məlumata görə təxminən Azərbaycan regionundan 10,000 üzv var bu səhifədə. Digərləri isə aşağıdakı kimidir.
189 Taxi – 15, 522 üzv
City Taxi – 14, 219 üzv
Uber– 10,000 üzv
Salam Taksi – 4135 üzv
189 Taxi burada 1 xal qazanır.
Şirkətlərin facebook üzərindən verilən suala cavab vermə vaxtı
Uber – cavab gəlmədi
189 Taxi – 14 dəq
Salam Taksi – 43 dəq
City Taxi – 2 saat 36 dəq
189 taxi hamıdan tez reaksiya verdiyi üçün 1 xal qazanır. Uber isə hələ də suala nə cavab verəcəyiniz düşünür yəqin 🙂
Facebook postlar üzrə aktivlik
Şirkətlərin facebookda son 5 postunun statistik göstəricilərini müqayisə edək. Ortalama like, komment və paylaşım belədir.
Nəticəyə baxdıqda ortala bəyənmə sayı ən çox City Taxı-dədir. Ortalama hər postu 700 nəfərə yaxın insan bəyənir. Bu baxımdan City Taxi burada 1 xal qazanır. Uber-də paylaşım və rəylər çox olduğu üçün Uber 0.5 xal qazanır.
Postlara yazılan şərhlərə görə şirkətin cavab vermə göstəricilərini isə belə qiymətləndirirəm.
Uber – orta
189 Taxi – orta
Salam Taksi – zəif
City Taxi – orta
Qeyd edim şirkətlər hiss olunur bütün rəylərə cavab verməyə çalışırlar amma yenə də bu sahədə boşluqları var. Bəzi reklama verilən postlarda sonradan unudulur yazılan rəylərə suallara cavab vermək. Bu hissədə heç kimə xal vermirəm.
Şirkətlərin internetdə reklam strategiyası
Google- da axtarışda taksi sözünü yazdıqda iık 189 taxi haqqında məlumat və xəritə qarşımıza çıxır. Bu da 189-un SEO baxımdan yaxşı iş gördüyünün göstəricisidir. Uber və salam taksi isə axtarışda çıxsa da çox arxalarda göstərilir. 189 burada 1 xal qazanır.
Reklam baxımdan adwords kontekst reklamı yalnız City Taxi istifadə edir. Bu baxımdan onlara burada 1 xal təqdim edirik.
Youtube səhifələr
Uber və Salam Taksi-nin rəsmi Youtube kanalı yoxdur. Daha dogrusu Uber qlobal-ın kanalı var amma Azərbaycana aid və bizim dilimizdə video yoxdur. 189 Taxi-nin və City Taxi-nin youtube kanalı var.
189 Taxi kanalın səhifəsi – http://bit.ly/1Z5JziA
City Taxi kanalın səhifəsi – http://bit.ly/1P34Klb
189 Taxi-nin kanalında daha çox video olduğu üçün və daha aktiv olduğu üçün burada 1 xal qazanır. Amma araşdırma zamanı Uber haqqında bizim bir həmyerlimizin və özünün qeyd etdiyi ki, Uber-də çalışan bir sürücünün çəkdiyi bir video qarşıma çıxdı və istədim sizinlə paylaşım. Video rus dilindədir və buradan izləyə bilərsiniz – http://bit.ly/1Uac3U6
Yekun nəticə
Yekun olaraq onu deyə bilərəm ki, hələ də bu sahədə olan şirkətlər internet marketinqə lazımi diqqəti ayırmır. Nəzərə alsaq ki bu şirkətlər bir tərəfdən texnoloji şirkətlər hesab olunur o zaman onların marketinq sahəsinə daha çox diqqət ayırmaları gərəklidir. Hesab baxımdan nəticəyə baxsaq isə ikili qalibiyyətin olduğunu görürük. Düşünürəm ki, yaxın zamanlarda bu iki şirkət arasında əsas rəqabət gedəcəkdir – 189 Taxi və City taxi.
Yeni yazılara qədər dostlar,
Faydalı olmaq ümidilə,
Fərid İslamov