Marketinqi bəyənməyən idarəçi və rəhbərlərin ən çox istifadə etdiyi arqumentlərdən biri də marketinq xərclərin ölçülə bilməməsidir. Belə bir deyim də var ki, Marketinqə ayrılan pulun bir hissəsi havaya gedir amma bunun hansı hissəsi olduğu bilinmir. Yəni şirkət marketinqə xərclədiyinin nə qədərini geri alır və bundan nə qədər qazanır? İddia olunur ki, əksər halda bunu ölçmək olmur və ya çətindir. Reklama 1000 manat xərclədim bəs bu reklam mənə nə qədər müştəri gətirdi?
Əslində onlayn marketinqin və rəqəmsal marketinqin geniş yayılması bu mifi bir tərəfdən dağıtdı. Hal-hazırda onlayn-da olan və xərclənən hər bir manatın hara xərcləndiyini və nə qədər geri dönüş olduğunu rahatlıqla ölçmək və görmək olur. Bu səbəbdən də əslində rəqəmsal marketinqə ayrılan büdcələr ilbəil artır. Bəs offlaynda yəni rəqəmsal mühitdən kənarda yerləşdirilən reklamları hansı yolla ölçmək olar? Misal üçün şirkət mərkəzə yaxın bir yerdə bilbord icarəyə götürür və reklamını yerləşdirir. Bu bilbordun effektivliyini necə ölçə bilərik? Və ya ikinci misal. Şirkət hər hansı bir ticarət mərkəzində( mall-da) posterini yerləşdirir və ya digər reklam formatında plakatını yerləşdirir. Bəs bunun effektivliyini hansı yolla ölçmək mümkündür? Yəqin ağlınıza insanlardan sorğu edərək soruşmaq ideyası gəlir ki, şirkətin reklamını görüblərmi və hansı reklamını görüblər. Və ya şirkətə gələn müştərilərdən şirkət haqqında məlumatı harda əldə etdiklərini soruşmaq ideyası da ağlınıza gələ bilər. Amma bu variantlar effektiv deyil. İnsanlar sorğularda həvəslə iştirak etmir və qeyri müəyyən cavablar verirlər. Eyni zamanda bu çox vaxt və resurs aparır. Bəs o zaman hansı vasitəsi ilə bu effekti ölçmək olar və statistika əldə etmək olar.
Dünyada istifadə olunan maraqlı bir vasitə var. Yerləşdiirilən reklam vasitəsində ( bu bilbord ola bilər, poster, flayer və s.) xüsusi kod yerləşdirmək. Bu kod vasitəsilə müştəri şirkətin saytında facebook səhifəsində və ya mobil tətbiqində kodu daxil edərək reklam olunan məhsul və xidmətdən istifadə edə bilər. Burada əlavə endirim də verilsə daha effektli olar. Yəni misalçün hər hansı bir geyim brendi bilbord reklamda öz məhsulunu reklam edir. Və reklamda “2019endirim” kodunu qeyd edir və yazır ki bu kodla saytda onlayn məhsul sifariş edən müştəri və ya mağazada məhsul alan müştəri əlavə 10% endirim əldə edəcək. Bununla şirkət reklam vasitəsindən nə qədər insanın real müştəriyə çevrildiyini real rəqəmlərlə görə biləcək. Eyni zamanda bir reklam kampaniyası zamanı müxtəlif yerlərdə yerləşdirilən bibord və digər reklam vasitələri üçün müxtəlif bu tipli kodlardan istifadə etmək olar və hər bir konkret reklam yerinin real effektivliyini yoxlamaq olar.
Əgər məqalə faydalı oldusa və bəyəndinizsə paylaşın ki, daha çox insan faydalansın. Rəy yazmağı unutmayın)